Fərrux Süleymanov, “Prior Leasing” MMC-nin baş direktorunun müavini
“Prior” şirkəti on ildən artıqdır ki, kənd təsərrüfatı sərgilərində iştirak edərək Avropa və Çin brendlərinin kənd təsərrüfatı texnikalarını təmsil edir. Biz fermerləri şum, əkin, məhsul yığımı üçün texnika ilə təmin edirik.
16-cı “Caspian Agro” sərgisində biz Azərbaycanda ilk dəfə olaraq 10-u innovativ Avropa istehsalı olan 40 texnikanı, xüsusən də metan mühərrikli (ekoloji təmiz) “New Holland” traktorunu təqdim etdik.
Biz həmçinin İtaliyanın “Maschio Gaspardo” şirkətinin maşınlarını təqdim edirik - bu şirkət kənd təsərrüfatı aqreqatlarının istehsalı üzrə dünyada ilk üçlüyə daxildir.
Bu il biz bu şirkətin həşərat-zərərvericiləri məhv edən ultrabənövşəyi şüalarla təchiz edilmiş robot maşınını təqdim edirik. Bu, tarlalarda kimyəvi maddələrin istifadəsini aradan qaldırır.
“New Holland” məhsulları Azərbaycanda pərakəndə və korporativ müştərilər üçün nəzərdə tutulub. Ümumiyyətlə, biz ölkənin ən son qlobal kənd təsərrüfatı avadanlıqlarının aparıcı təchizatçılarından biriyik.
Sərgidə iştirak Azərbaycan bazarında payımızın artırılması məsələsinin həllinə kömək edəcək.
Respublikada texnikanın satışı və lizinqi üzrə 18 məntəqəmiz var, 2023-cü ilin sonuna kimi isə ölkənin bütün kənd təsərrüfatı rayonlarında onların sayı artacaq.
Biz sərginin təşkilindən çox razıyıq, çünki yeni müqavilələr bağlamaqda bizə kömək edir. Əminik ki, müştərilərimiz Bakıya gətirdiyimiz yeni texnika növləri ilə maraqlanacaqlar.
İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi