BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan hökuməti ilə olan tərəfdaşlığı davamlı olaraq genişlənir.
"Report" xəbər verir ki, bunu FAO-nun yeni Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Bakıda işə başlamış 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgilərinin açılış mərasimində bildirib.
Onun sözlərinə görə, FAO uzun illərdir Azərbaycanda kənd təsərrüfatı sektorunun tərəfdaşıdır: "Bugünkü tədbir yalnız Azərbaycanın deyil, həm də regionun və dünyanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatında inkişafı irəli aparan insanlar və tərəfdaşlıqların bayramıdır. Cəmi bir neçə ay əvvəl Bakı COP29-a ev sahibliyi edib. Bu, iqlim dəyişikliyi kimi qlobal çağırışların həlli üçün dünya liderlərinin bir araya gəldiyi mühüm hadisə idi. Bu gün isə həmin tədbirin yaratdığı impulsu gündəlik işlərimizdə - dayanıqlı ərzaq sistemləri, su ehtiyatlarının daha yaxşı idarə olunması və iqlimə uyğun kənd təsərrüfatı vasitəsilə davam etdiririk".
O vurğulayıb ki, bu il FAO üçün qürurverici bir məqamdır: "Lakin bu, eyni zamanda innovasiyalara, bərabərlik və ədalətə, və hər kəsin təhlükəsiz, sağlam və ərzağa çıxışının olduğu bir dünyaya sadiqliyimizi yenidən təsdiqləyir. Etiraf edək ki, qarşıda iqlim dəyişikliyi, torpaqların deqradasiyası, kənd əhalisinin miqrasiyası kimi ciddi çağırışlar var. İnnovasiya dözümlülüyə aparan körpüdür. Məhz dözümlülük vasitəsilə biz dayanıqlı, ədalətli və güclü ərzaq sistemləri yarada bilərik".
M.Nasar bildirib ki, səmərəli suvarmadan fermerlərin təliminə və kooperativlərin inkişafına qədər ortaq fəaliyyətlərimiz real nəticələr verir: "Bunlar təkcə layihələr deyil. Bunlar gələcək nəsillərimiz üçün investisiyalardır".