Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının bərpası daim diqqət mərkəzindədir, bu istiqamətdə nailiyyətlər əldə edilib və yeni dəstək mexanizmlərinin formalaşdırılması və tətbiqi qarşıya məqsəd qoyulub.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Nazir müavini qeyd edib ki, heyvandarlıq və arıçılıqla məşğul olan fermerlərin 2021-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara mövsümi köçü həyata keçirilir. 2024-cü ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə 1 022 fermerə (təsərrüfata) məxsus 249 996 baş xırdabuynuzlu davar, 10 049 baş iribuynuzlu mal-qara və 4 217 fermerə (təsərrüfata) məxsus 195 203 arı ailəsi qeydiyyatdan keçmiş və dislokasiya üzrə köçürülməsi təşkil edilib".
Onun sözlərinə görə, işğaldan azad edilmiş rayonların ərazilərində 4,7 min hektar çoxillik əkmələr altında olan kənd təsərrüfatı təyinatlı (bəzi ərazilər massiv şəklində) torpaq sahələri ayrı-ayrı subyektlərə icarəyə verilib: "Aqrar sahədə fəaliyyət göstərən subyektlərlə 2021-ci ildən etibarən Zəngilan rayonunda 2 220 hektar (o cümlədən 720 hektar örüş), Qubadlı rayonunda 2 000 hektar əkin sahəsi üzrə uzunmüddətli (40 il) icarəyə verilib.
2023-2024-cü əkin ilində 78,48 min hektar buğda, 10,47 min hektar arpa, 1,08 min hektar qarğıdalı əkinlərinə, habelə becərdikləri 219,4 hektar üzüm və 656,67 hektar meyvə bağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 20,2 milyon manat məbləğində əkin subsidiyası ödənilib. Eyni zamanda 2024-cü il ərzində 20 müraciət üzrə 58 ədəd kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilməsi məqsədilə 473 min manat güzəştli kredit və 2 milyon 594 min manat güzəşt ayrılıb. Həmçinin qeyd olunan dövr ərzində 3 müraciət üzrə 2 675 baş heyvan alışının maliyyələşdirilməsi üçün 6 milyon 192 min manat güzəşt ayrılıb",- deyə o əlavə edib.