Bakı, Azərbaycan – Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı və qida sənayesində regionun ən nüfuzlu tədbirlərindən biri olan 18-ci "Caspian Agro" Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və 30-cu "InterFood Azerbaijan" Qida Sənayesi Sərgisi öz qapılarını ziyarətçilərə açıb. Dörd gün davam edəcək bu beynəlxalq tədbir ərzində innovativ kənd təsərrüfatı texnologiyaları, müasir suvarma sistemləri, qida məhsulları və qabaqcıl qablaşdırma həlləri təqdim olunur.
Sərginin açılış günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və bir sıra pavilyonları ziyarət edərək təqdim olunan məhsul və texnologiyalarla tanış olub. Dövlət başçısı "Azərsun Holdinq"in stendini də ziyarət edərək şirkətin fəaliyyəti və innovativ yanaşmaları haqqında ətraflı məlumat alıb. Prezident İlham Əliyevi burada "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Ahmad Gozal qarşılayıb.
"Azərsun Holdinq" – Yerli istehsal və ixracda lider
Sərgidə "Azərsun Holdinq" qida sənayesi, kənd təsərrüfatı və qeyri-qida məhsulları üzrə üç əsas istiqamətdə geniş təqdimatla çıxış edir. Şirkətin stendində 20-yə yaxın yerli istehsal müəssisəsinin 50-dən artıq məhsulu nümayiş etdirilir. Bu məhsullar "Made in Azerbaijan" brendi ilə artıq dünyanın 40-dan çox ölkəsində satışdadır.
Qeyri-qida bölməsində isə Azərsun Kağız və Karton İstehsalat Korporasiyasının ekoloji cəhətdən davamlı, təkrar emal olunan materiallardan istehsal etdiyi məhsullar ziyarətçilərin diqqətinə təqdim olunur.
Beynəlxalq iştirak və əməkdaşlıq imkanları
Bu ilki sərgidə ABŞ, Almaniya, Fransa, Türkiyə, İtaliya, Çin, Cənubi Koreya, Rusiya və digər ölkələri təmsil edən aparıcı şirkətlər də iştirak edir. Bu isə tədbiri beynəlxalq tərəfdaşlıq və B2B əməkdaşlıqlar üçün unikal platformaya çevirir.