Şəhid İlkin Məmmədzadənin xatirəsinə həsr olunan tədbir keçirilib

Şəhid İlkin Məmmədzadənin xatirəsinə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsində ali təhsil müəssisəsinin məzunu, şəhid İlkin Məmmədzadənin xatirəsinə həsr olunan tədbir keçirilib.

Tədbirdə fakültənin foyesində hazırlanan “Şəhidlər guşəsi” və şəhid İlkin Məmmədzadənin kitabları tədbir iştirakçılarına nümayiş olunub.

Tədbirdə çıxış edən Universitet rəhbərliyi, qonaqlar və şəhid valideynləri bildiriblər ki, 44 günlük Vətən müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onlardan biri də şəhid İlkin Məmmədzadədir. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin müqəddəs amalı Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər.

Xatırladaq ki, Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin “Balıqçılıq təsərrüfatı” ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə gənclər təşkilatına rəhbərlik edib. "Xəmsə" və "Breyn Rinq" yarışmalarının iştirakçısı olub.

27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan ikinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxartmışdır. 7 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə istiqamətində açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub olmuşdur. 8 oktyabrda 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ