Bakıda ötən il keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri texnologiya transferi, innovasiyalar və beynəlxalq əməkdaşlıq sahələrində qlobal səyləri gücləndirmək məqsədi daşıyır.
"Report" xəbər verir ki, bunu Somalinin kənd təsərrüfatı və suvarma naziri Mohamed Abdi Hayir bu gün Bakıda öz işinə başlamış 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri çərçivəsində keçirilən "Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı" adlı konfransda bildirib.
"COP29-un nəticələri üç əsas istiqamət üzrə iqlim fəaliyyətinin yeni istiqamətini müəyyən edib. Bu istiqamətlərdən biri texnologiyaların ötürülməsidir. Yəni, ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün səmərəli texnologiyaları (adaptasiya, azaldılma və s.) və iqlim fəaliyyəti sahəsində əldə olunmuş texnologiyaları paylaşmalıdırlar. Yalnız əvvəlki təcrübələrlə kifayətlənməyərək, innovasiyaların – yəni yeni ideya və yanaşmaların paylaşılması da önəmlidir. Digər vacib istiqamət isə beynəlxalq əməkdaşlıqdır. Çünki iqlim dəyişikliyinin özü bir ədalətsizlikdir. Ən az çirklənməyə səbəb olan, lakin ən çox zərər görən kasıb və həssas ölkələr bu ədalətsizliyin qurbanına çevrilirlər. Bu səbəbdən, iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq və ədalət təmin olunmalıdır. Məsələn, Somali və digər inkişaf etməkdə olan ölkələr qlobal emissiyalara minimal təsir etsələr də, iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir. Buna görə də beynəlxalq korporasiyaların və ölkələrin əməkdaşlığı olduqca vacibdir", - deyə o qeyd edib.