Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) "aqromühəndislik" ixtisasının III kurs tələbələrinin praktiki məşğələ dərsləri "MKT İstehsalat Kommersiya" MMC-nin Yevlax İnnovasiya Fermer Təsərrüfatları (İFT), Bərdə filialında və Goranboy Pambıq Qəbul Məntəqəsinə təşkil edilib.
Tələbələr Bərdə Regional Təlim Mərkəzində (RTM) pambıq emalı zavodu ilə yaxından tanış olub, texnikalar və təmir barədə mühəndislərdən məlumatlar əldə ediblər. İstehsalat prosesi zamanı maraqlı gələn hissələr və məlumatlar tələbələrə izah olunub. Avtomatlaşdırılmış sistemlər, pambığın emal prosesləri, RTM avtomatika və mexanika ilə idarə olunan aqrotexnikalarının, kombaynların təmir mərhələsi və detalların istehsalından bəhs edilərək, tələbələrin sualları cavablandırılıb.
Tələbələr müəssisəyə pambığın gətirilməsi, yığılması, havalandırılması, emala getməsi və kiplənib çəkiyə vurularaq saxlama məntəqələrində ixraca hazır yığılması prosesini də müşahidə ediblər.
Yevlax İFT filialında tələbələr sahədə pambıq yığımı və daşınması prosesi, dənli bitkilərin texnika ilə əkinin aparılması, suvarılma və dərmanlama proseslərini izləyiblər. Şirkətin aqronom və mexaniki ilə sahə üzərində işlərlə bağlı müzakirələr aparılaraq, suallar cavablandırılıb. Tələbələr eyni zamanda şirkətə məxsus həm yerli traktorların, həm də xarici pambıq yığan və gübrə səpən kombaynlara baxış keçiriblər.