Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarının nəticəsinə əsasən, Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində maliyyələşdirilən ikili diplom proqramlarının akkreditasiya qiymətləndirilməsindən keçməsi ilə bağlı şəhadətnamələrin təqdim olunması təşkil olunub.
Azərbaycanın 4 ali təhsil müəssisəsində (ADA Universiteti ilə Corc Vaşinqton Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universiteti, Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında) ümumilikdə icra olunan 11 ikili diplom proqramının akkreditasiya qiymətləndirilməsinin nəticələrinə əsasən, müvafiq şəhadətnamələr universitet nümayəndələrinə təqdim edilib.
Tədbirdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov və ikili diplom proqramlarının təmsilçiləri proqramların daha səmərəli fəaliyyət göstərməsi mövzusunda fikir mübadiləsi aparıblar. Görüş iştirakçıları ikili diplom proqramlarının əhatə dairəsinə uyğun kadr hazırlığının inkişafı istiqamətinin də əhəmiyyətindən danışıblar.
Görüşün sonunda müvafiq sertifikatların təqdimetmə mərasimi keçirilib və xatirə şəkilləri çəkilib.